Daimi nümayəndəlik
Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Davalsiya xammalı
Sahibi üçün hazır məhsul istehsal etmək məqsədilə digər ölkədən gətirilən xammal.
Deflyasiya
İnflyasiyanı azaltmaq məqsədilə dövlətin dövriyyədə olan pulun bir hissəsini götürməsi, əmtəə qiymətlərinin aşağı düşməsi.
Defolt
Borc alanın nəzərdə tutulan müddətdə öz borcunu ödəyə bilməməsi haqqında xəbərdarlıq etməsi.
Dempinq
Bir ölkənin istehsal etdiyi əmtəəsini öz ölkəsindəkinə nisbətən digər ölkənin ərazisində ucuz qiymətə satması. Bu həmin məhsul satışı bazarında potensial rəqibini sıxışdırmaq, satışın həcmini çoxaltmaq məqsədilə edilir.
Departament
Bəzi ölkələrdə dövlət idarəsinin bir formasıdır; Fransada isə inzibati ərazi bölgüsüdür.
Depozit
Müəyyən məqsədlə saxlanmaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və ya qiymətli kağız.
Determinizm
Sosial-iqtisadi və digər hadisə və proseslərin səbəbiyyət şərtlənməsi, onların qanunauyğunluqları haqqında təlim.
Dividend
1) Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
2) Səhmlərə görə müəssisənin illik gəlirindən ayrılan pay.
Dolayı vergilər
Əmtəənin və xidmətin qiymətindən tutulan vergilər; qismən və ya tamamilə əmtəənin dəyərinə köçürülür.
Dövlət qulluqçusu
Dövlət vəzifəsini tutan və onu yüksək peşəkarlıqla yerinə yetirən şəxs. Dövlət qulluğu icraedici, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlıdır və müəyyən edilmiş səlahiyyətlər, qanunlar və prinsiplər çərçivəsində formalaşır, fəaliyyət göstərir.
Dövlət qulluqçularının gəlirləri haqqında deklarasiya
Gəlirlər, əmlak haqqında məlumat. Deklarasiya aşağıdakı hallar üçün zəruridir:
- vergiyə cəlb etmə;
- dövlət vəzifəsinə təyin etmədə.
Dövlət qulluqçularının vəzifə cinayəti
Vəzifə səlahiyyətindən istifadə etməklə vəzifəli şəxslərin təhlükəli fəaliyyət göstərməsi. Bu fəaliyyətin məzmunu və xarakteri ayrı-ayrı dövlət orqanlarında müxtəlif olur.
Dövlət qulluqçularının vəzifə təlimatları
Dövlət hakimiyyətində müxtəlif vəzifələr üzrə çalışan işçilərin vəzifələrini (funksional fəaliyyəti, səlahiyyətlərini, vəzifə öhdəliklərini, hüquq və məsuliyyətlərini, struktur əlaqələrini) əks etdirən sənəd.