Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov 19-21 fevral tarixlərində Pakistan İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistanda işgüzar səfərdə olub***** 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir****

Milli Məclis 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Milli Məclis 2018-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

29.06.2018

Azərbaycan Respublikası Milli Məclisinin 29 iyun 2018-ci il tarixində keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında 2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub.

Müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.
Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 2022,0 mln. manat artırılaraq 22149,0 mln. manata, xərclər isə 2053,0 mln. manat artırılaraq 23100,0 mln. manata çatdırılacaq. 2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri 31,0 milyon manat artırılaraq 951,0 mln. manat səviyyədə proqnozlaşdırılır. Kəsirin artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcəkdir.

Dövlət büdcəsinə əlavə daxilolmaların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumu və əlavə dəyər vergisi üzrə daxilolmaların, xam neftin dünya bazarlarında qiymətinin əhəmiyyətli dərəcədə artması nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə təsdiq olunmuş transfertin artırılması, büdcə təşkilatlarının əlavə büdcədənkənar gəlirlərindən, həmçinin 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından təmin edilməsi nəzərdə tutulur.

Yenidən baxılma ilə pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının cari ilin mart ayının 1-dən orta hesabla 10 faiz artırılması nəticəsində əlavə tələb olunan vəsaitin maliyyə təminatına, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tədbirlərinin maliyyə təminatına, dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi tədbirlərinə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılmasına, Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə, ölkənin elektrik enerjisi generasiya güclərinin artırılması məqsədi ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalanmış müqavilələr üzrə öhdəliklərin həyata keçiriliməsi üçün dövlət dəstəyi olaraq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına, respublikanın Şərq-Qərb dəmir yolu dəhlizinin Bakı-Böyük Kəsik xəttində rabitə-işarəvermə sisteminin yenidən qurulması ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasına, avtomobil yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərinin tənzimlənməsinə, kənd təsərrüfatına dövlət qayğısının artırılması, o cümlədən ölkədə ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına, fövqəladə halların nəticələrinin daha çevik aradan qaldırılması, o cümlədən yanğından mühafizə tədbirlərinin güclləndirilməsi üçün maddi-texniki bazanın müasir avadanlıqlarla təchiz edilməsinə, turizmin inkişafına, şəhər və rayon mərkəzlərində hündür mərtəbəli yaşayış evlərinin dam örtüyünün mərhələlərlə dəyişdirilməsinə, külək turbinlərinin istismara hazırlanması, paylayıcı şəbəkəyə qoyulması və intelektual idarəetmə və abonent məlumatlarının informasiya bazasının gücləndirilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərinin davamı olaraq Çuxurdərə gölməçələrinin, keçmiş yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, Babək prospektində su və kanalizasiya xətlərinin tikintisinə, bəzi təşkilatların maddi-texniki bazasının gücləndirilməsinə və bir sıra zəruri xərclərin tənzimlənməsinə vəsaitin yönəldilməsi nəzərdə tutulur.

Dəyişiklikdən sonra 2018-ci il icmal büdcənin gəlirləri 28125,1 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 4019,4 mln. manat və ya 16,7 faiz çoxdur.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəriciyə nisbətən 6,6 faiz və ya 1638,1 mln. manat artırılaraq 26575,3 mln. manata çatdırılması nəzərdə tutulur.
Müzakirələrdən sonra «Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu Milli Məclisi tərəfindən qəbul edilib.